AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Sentyabr-Oktyabr 2012

Arxeoloji tədqiqat işləri, əsasən, narınqala ərazisində, IV qazıntı sahəsində aparılıb. IV qazıntı sahəsinin şimal-qərb sektorunda, 14R,14S kvadratlarında orta əsr təbəqəsində çaydaşından hörülmüş, eni 50-60 sm, hündürlüyü 70-80 sm olan divar qalıqları üzə çıxarılıb.

Qərbdən şərqə uzanan bu divarın uzunluğu 4,1 m-dir. O narınqalanın qərb divarına birləşir. Digər oxşar divar qalıqları 14R, 15R kvadratlarında aşkarlanıb. O şimaldan cənuba uzanır. Onun qalıqlarının uzunluğu 4,4m, hündürlüyü 0,9 m. Divarın hörgüsünün aşağı cərgələrində eni 70 sm, yuxarı cərgələrində 40 sm-dir. Hörgünün doqquz cərgəsi salamat qalıb. Şimal tərəfdə, narınqalanın şimal divarına birləşən hissədə, 1,1 m məsafədə divar daha çox dağıntıya məruz qalıb və hörgünün yalnız bir cərgəsi mühafizə olunub.

12M-16M kvadratlarında qarışıq hörgülü divar qalıqları üzə çıxarılıb. Bişmiş kərpic, çaydaşı və müəyyən qədər də çiy kərpiclə hörülmüş bu divarın qalıqları 17,8 m-dən artıq məsafədə üzə çıxarılıb. O şimaldan cənuba uzanır. Hörgünün hündürlüyü 1,1 m-ə çatan 13 cərgəsi təmizlənərək öyrənilmişdir.
15P kvadratında bişmiş kərpiclərlə döşənmiş döşəmənin qalıqları üzə çıxarılıb. Onun uzunluğu 1,84 m, eni 1,3 m.
16N, 15N və 15P kvadratlarında yerləşən, çaydaşı və bişmiş kərpicdən inşa olunmuş tikinti güclü dağıntıya məruz qalıb. Yalnız şimal və şərq divarlarını təmsil edən bir cərgə hörgü qalıb. Birinci fraqmentin uzunluğu 3,2 m, ikincinin 2,4 metrdir. Bu tikintinin cənub-şərq küncündən 60 sm aralı 23x23x5 sm ölçülü bişmiş kərpiclərlə hörülmüş sütunun qalıqları aşkarlanıb. Sütunun uzunluğu 1,8 m, eni 97 sm-dir. Hörgünün 8 cərgəsi salamat qalıb. Bu sütundan cənubda güclü dağıntıya məruz qalmış divarın qalıqları aşkarlanıb.
11P, 11R və 11S kvadratlarında üzə çıxarılan, şərqdən qərbə istiqamətlənmiş divar narınqalanın qərb divarına birləşir. Bu divarın bünövrəsi çaydaşındadır, divarları isə çiy və bişmiş kərpiclərdən hörülüb. Çiy kərpicdən hörgü 11S kvadratında daha yaxşı qalıb və burada hörgünün hündürlüyü 1,9 m-ə çatır. Divarın eni 64 sm, qalıqlarının uzunluğu 8,1 m-dir. Hörgünün aşağı ilk cərgəsi bişmiş kərpiclə, sonrakı 9 cərgəsi çiy kərpıclə hörülüb. 10-cu cərgə bişmiş kərpiclə icra olunub və bir növ qurşağı xatırladır. Bu qurşağın üzərində isə 17 cərgə çiy kərpic hörgü vardır.
10N, 10P kvadratlarında qarışıq hörgü ilə inşa olunmuş divarın qalıqları aşkarlanıb. Bünövrə çaydaşından qoyulub. Divar qalıqlarının uzunluğu 2,94 metrdir. Görünür, divar şərqə davam etmışdir. Belə ki, bu qalıqlardan 2,4 m şərqdə çaydaşından bünövrə qalıqları üzə çıxarılb. Divarın üzərinə həndəsi naxış – kvadratlar və düzbucaqlar salınıb.

IV qazıntı sahəsində monumental binanın tədqiqi davam etdirilib. Bu binanın həyətində arakəsmə divar 19,4 m açılaraq təmizlənib.Onun eni hörgünün aşağı cərgələrində 1,7 m, üst cərgələrində isə 1,1 metrdir. Divarın qalıqlarının hündürlüyü 2,7 m -ə çatır. Bu divar həyətin qərb hissəsində eni 3,3 m dəhliz yaradır. Monumental binanın həyətinin şimal-qərb küncündə güclü yanğının qatı qeydə alınmışdır. Kömür parçaları, kül və yanmış torpaqla zəngin yanğın qatının alt hissəsindən yanaraq kömürlənmiş şaftalı, gavalı, zoğal çəyirdəkləri, xiyar, qarpız tumları da tapılmışdır. Bu tapıntılar monumental binada yanğın ilə müşayiət olunan bu dağıntının yay aylarında, ehtimal ki, avqustda və ya sentyabrın əvvəllərində baş verdiyini göstərir.

6 saylı otağın qazıntısı davam etdirilib. Daş hörgü aşkarlanıb. Daş hörgüdən çiy kərpic hörgüyə keçiddə ağac antiseysmik qurşağın qalıqları qeydə alınıb. Qalıqlar əsasında tirlərin diametri 14-16 sm olmuşdur.

Tapıntılar şirsiz və şirli saxsı fayans qab nümunələri, şüşə məmulatı, bədii ağac nümunələri ilə, ox ucluqları, bəzək əşyaları və mis sikkələrlə təmsil olunub. Onların arasında arakəsmə divarlı böyük şirli qazan, orijinal quruluşlu şüşə qab diqqətəlayiqdir.
Konservasiya işləri narınqalanın şimal divarında və 6 saylı otaqda aparılıb.