AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
İyul-avqust 2012

İyul-avqust aylarında arxeoloji tədqiqatlar Narınqalada, IV qazıntı sahəsində davam etdirilib. Qazıntı sahəsinin şimal-şərq kvadratlarında, monumental binanı dövrələyən qəsr divarı ilə dar küçə arasındakı tikili tədqiq edilib. Tikilinin şimal divarının eni 106 sm olub bayır, küçə tərəfdən ona qalınlığı 3,5 - 4 sm olan suvaq çəkilib. Küçədən tikiliyə keçməyə imkan verən qapı açırımının eni 1,2 m-dir.

İlk vaxtlar otaq planda dördbucaqlı olmuşdur. Yenidənqurma nəticəsində o iki hissəyə: eni 1,1 m olan dəhliz və uzunluğu 3,9 m, eni 2,3-2,78 m olan, planda düzbucaqlı otağa ayrılmışdır.

Hörgünün alt cərgələri çaydaşı ilə, üst cərgələri isə çiy kərpiclə hörülüb. Az halda bişmiş kərpic tətbiq olunub. Dəhlizin şərq tərəfi çiy və bişmiş kərpic töküntüləri ilə dolu idi. Döşəmənin altına çaydaşı sıx döşənərək üzərinə şirə-suvaq çəkilib. Otaqda güclü yanğın olduğundan döşəmədə suvaq qatı yanaraq çəhrayı rəng almışdır. Otağın içərində isə yanğın qatının qalınlığı 2 m-ə çatırdı.

Monumental binanın tədqiqindən yeni, olduqca qiymətli materiallar əldə edilib. 2 saylı otaq tam tədqiq olunub. Otağın döşəməsi torpaqdan olub kirəcli qatla örtülmüşdü. Şimal-qərb tərəfində ərzaq saxlamaq üçün quyu vardı. Quyu ağzınadək nəbati qalıqlar ilə dolu idi. Nəbati qalıqların mikroskop altında analizi onun darı olduğunu müəyyənləşdirməyə imkan vermişdir. 5 və 6 saylı otaqların qalıqları üzə çıxarılıb. Düzbucaq biçimli, uzunluğu 5,9 m, eni 4,8 m olan 6 saylı otağın qazıntısına başlanılıb. Monumental binanın arakəsmə divarının tədqiqi davam edir. O şimal divardan 2,73 m aralı yerləşməklə 7 saylı sütunadək davam edir. Binanın həyətinin şimal-qərb küncündə güclü yanğın qatı qeydə alınıb. Bu təbəqədən kömürlənmiş şaftalı, zoğal çəyidəkləri, qarpız tumu tapılır.

IV qazıntı sahəsinin cənub-qərb sektorunda XIX əsr təbəqəsinin tədqiqi davam etdirilib. Qazıntının 3 K kvadratında 60 sm dərinlikdə çaydaşı və çiy kərpiclə hörülmüş tikili qalığı üzə çıxarılıb. O şərq-qərb istiqamətlidir.

4 Q kvadratında bişmiş kərpiclə hörülmüş cənub - şimal istiqamətli divar 2,5 m uzunluqda aşkara çıxarılıb. Oradan şərqdə ərazi bişmiş kərpiclə döşənmiş döşəmənin qalıqları üzə çıxarılıb. Onun uzunluğu 1,2 m, eni 2,2 m olub qeyri – düzgün həndəsi formadadır. Döşəmədən şimalda ona bitişik kiçik təndir və ya kürə qalığı aşkarlanıb. Onun ətrafı yarımkərpic, kərpic fraqmentləri ilə hörülmüşdür. Kürə və ya kiçik təndirin qalığının diametri dibində və ağzında 33-34 sm idi. O silindrik formada idi. Hündürlüyü 22 sm. Bu təndirdən şimalda, 5Q və 5K kvadratlarında şimalda çiy kərpicdən hörgünün 7-8 sm cərgəsi aşkarlanıb. Bu divarın eni 50 sm, hündürlüyü 40 sm idi. Kərpiclər kiçik ölçülü olub 24 x 24 x 5 sm. Hörgünün dörd cərgəsi üfüqi, beşinci cərgə isə şaquli hörülüb. 6K kvadratında içərisi ağ kül ilə dolu ocaq aşkarlanıb. Onun fərqləndirici xüsusiyyəti dairəvi çuxurda qabın aşağı hissəsinin yerləşdirilməsi və ocaq kimi istifadə olunmasıdır. Ocağın diametri 34 sm, dərinliyi 12,5 sm-dir. Bu kvadratda həm də kərpic döşəmənin qalıqları qeydə alınıb.

Tapıntılar əmək alətləri, ox ucluqları, şirsiz və şirli saxsı, fayans qab nümunələri, şüşə məmulatı, bəzək əşyaları və mis sikkələrlə təmsil olunub. Nəbati qalıqların, yəni şaftalı, zoğal çəyirdəkləri, qarpız tumunın tapılması da böyük maraq doğurur.

Konservasiya işləri narınqalanın şimal divarında və monumental binanın 2 saylı otağında aparılıb.