AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Sentyabr 2011

Sentyabr ayında Şəmkir şəhər yerində arxeoloji qazıntı işləri əsasən IV qazıntı sahəsində, konservasiya işləri isə Narınqalanın şimal divarında, şəhristanın Narınqalaya birləşən bürcündə aparılıb.

IV sahəsində arxeoloji tədqiqat işləri Narınqalanın şimal divarının içəri tərəfdən təmizlənib öyrənilməsi, monumental binanı dövrələyən qəsr divarının şimal divarını açıb təmizləmək, bu iki divar arasında mövcud olmuş tikinti qalıqlarını, monumental binanın şərq tərəfində yerləşən otaqların öyrənilməsinə yönəlmişdir.

Narınqalanın şimal divarının təmizlənməsi nəticəsində məlum olmuşdur ki, çiy kərpic hörgüdən cənubda divar boyunca qeydə alınan eni 1,1-1,2 m olan kərpic parçaları, kirəc-əhəng ovuntusu, suvaq parçaları ilə səciyyələnən qatın altında Narınqalanın şimal divarının bişmiş kərpic hörgüsü yerləşir. İlk olaraq bu hörgü 17 H-18 E kvadratlarında aşkarlandı və divardakı çiy kərpic hörgüdən 1,04 m enli olduğunu, bütövlükdə isə divarın 3,6 m enində olduğunu göstərdi. Sentyabr ayı ərzində divarın bişmiş kərpic hörgüsünün qalıqları 17 H- 18 E kvadratlarında 70 sm hündürlükdə (bu kvadratlarda divar nisbətən yaxşı qalıb) təmizləndi. Narınqalanın şimal divarının içəri tərəfdən bişmiş kərpic hörgü 18D, B kvadratlarında daha çox dağıntıya məruz qalıb. 18F kvadratında çiy kərpic hörgü ilə birlikdə divarın təmizlənmiş qalıqlarının hündürlüyü isə 2,4 m təşkil edir.

Sentyabr ayında monumental binanı dövrələyən qəsrin şimal divarının təmizlənməsi davam etdirilmiş, divar qalıqlarının təmizlənmiş hündürlüyü 3,5 m təşkil edir. Qəsrin daş hörgüsü bütün kvadratlarda üzə çıxarılaraq təmizlənir. 15H və 15E kvadratlarında qəsrin şimal divarına birləşən cənub-şimal istiqamətli divarların qalıqlarının təmizlənməsi davam etdirilir. Onların hündürlüyü 4 m-ə çatır. 16 F kvadratında aşkar edilmiş bişmiş kərpicdən IX-X əsrə aid tikili qalıqları üzə çıxarılaraq tədqiqinə başlanılmışdır.Uzunluğu 144,5 sm, eni 112 sm olan düzbucaq biçimdə bu tikilinin iki cərgəsi təmizlənmişdir. Tikili 23,5 x 23,5 x 6 sm ölçüdə kvadrat formalı kərpiclərdən inşa edilmişdir. Üzə çıxarılan bu tikilidən 2,65 m şərqdə, Narınqala və Qəsrin şimal divarlarına birləşən divarın dibində yerləşən digər bir tikili qalığı aşkarlanıb. O dördbucaq formada olub 80 x 78 sm ölçüdədi. Oxşar tikili qalığı 15E kvadratında üzə çıxarılıb. Onun uzunluğu 114 sm, eni 95 sm-dir.

Sentyabr qazıntıları nəticəsində Narınqala ilə qəsrin şimal divarları arasında XI-XII əsrlərdə mövcud olmuş tikililərin mürəkkəb kompleksi aşkarlanaraq tədqiq olunmağa başlanılmışdır. Diqqətəlayiq haldır ki, qazıntı sahəsində qərb-şərq istiqamətli, dar eni 1,23-1,32 m olan küçə izlənilir. Bu küçənin şimal və cənub tərəflərində çiy kərpicdən və çaydaşından inşa olunmuş tikililər izlənilir.Küçə qərbdə qəsrin mərkəzi bürcü ilə Narınqalanın şimal divarına birləşən, cənub- şimal istiqamətli, eni 1,05 m olan divar qarşısında şimala dönür və kiçik, düzbucaq biçimli dar tikili tamamlanır. 15-16 A kvadratlarında isə çiykərpicdən hörülmüş, qəsr divarına birləşən dördbucaq biçimli kiçik tikili qalığı üzə çıxarılıb. Onun içərisində güclü yanğın olmuşdu. Bu tikilidən qərbdə daha bir tikili vardı. Küçənin şimal tərəfindəki tikililərin üzərində XIX əsrin binasının dərin qazılmış bünövrəsi yerləşirdi.

Monumental binanın şərq tərəfində yerləşən 2 və 3 saylı otaqlarda da tədqiqat davam etdirilmiş, 3 saylı otaqda təmizlənmiş divar qalıqlarının hündürlüyü 2 m-ə çatır. Otaqdan çıxarılan mədəni təbəqə yatımı xırda çaydaşları və çınqılla zəngin narın, tünd torpaqla səciyyələnir.

Şəhər yerində mədəni təbəqə yatımının daha dərindən öyrənilməsi məqsədi ilə abidənin şəhristan hissəsinin mərkəzində 20 X20 m ölçüdə olmaqla, 400 kv .m sahədə VII qazıntı sahəsi, şəhər istehkamlarının tədqiqini dərinləşdirmək məqsədi ilə şəhər qalasının cənub-qərb küncündə 40 x 20 m olmaqla VIII qazıntı sahəsi qoyulmuşdur.

Sentyabr ayında Şəmkir şəhər yerində arxeoloji qazıntı nəticəsində aşkarlanmış maddi mədəniyyət nümunələri şirli və şirsiz saxsı məmulatdan, ox ucluqlarından, şüşə qab qırıqlarından, bəzək əşyalarından və mis sikkələrdən ibarətdir.

Sentyabr ayında konservasiya işləri Narınqalanın şimal divarında, monumental binanın sütunlarında çiy kərpic hörgüdə möhləmləndirmə və şəhristanın Narınqalaya birləşən bürcündə isə ölçmə işləri aparılıb. Bürcdəki uçqunların dərinlikləri müəyyənləşdirilmiş, möhkəmləndirmə işlərinə başlanılıb.