AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Mart - Aprel 2013

2013-cü il martın 1-dən Şəmkir arxeoloji ekspedisiyası növbəti çöl-tədqiqatları mövsümünə başladı. Arxeoloji tədqiqatlar Şəmkir şəhər yterinin IV və V qazıntı sahələrində aparılır.

IV qazıntı sahəsində orta əsrlərin ayrı-ayrı mərhələlərinə aid tikinti qalıqları aşkarlanıb və öyrənilir. Orta əsr mədəni təbəqəsinin üst inşaat qatında narınqalanın şimal-qərbində yerləşən dördkünclü tikilinin qalıqları tədqiq olunub. Bu tikilinin bünövrəsi cay daşlarından olub divarları çiy və bişmiş kərpiclərdən, həmçinin çay daşından inşa edilib. Şərq divarının uzunluğu 18, 5 m, cənub divarında isə 17,5 metrdir. Divarların qalınlığı 60 sm. Bu tikilinin qərb və şimal divarlarını müvafiq olaraq narınqalanın qərb və şimal divarları təşkil edir. Cənub divarın qərb tərəfi nisbətən yaxşı qalıb və burada divarın qalıqlarının hündürlüyü 1,6 m-ə çatır. Ciy kərpic hörgü bişmiş kərpicdən qurşaqlarla möhkəmləndirilib. Cənub divarın mərkəzində bişmiş kərpiclə hörülmüş qapı açırımı yerləşir. Qapı açırımından şərqə cənub divarı güclü dağıntıya məruz qalıb. Şərq divarının da vəziyyəti qənaətbəxş deyil. Burada çiy kərpic hörgü ilə yanaşı bişmiş kərpiclə, çaydaşı ilə hörgü də tətbiq olunub. Divarın cənub tərəfində həndəsi naxış yaradan qarışıq hörgü qeydə alınıb.

XI-XII əsrlərə aid inşaat qatında bişmiş kərpicdən hörülmüş divarın qalıqları üzə çıxarılıb. Cənub-şimal istiqamətli bu divar narınqalanın şimal divarına birləşir. Onun qalınlığı 1,3-1,4 m olub, şimal tərəfdə, 4,4 m məsafədə enliləşərək 2 m təşkil edir. 12R kvadratında çaydaşından hörülmüş, qalınlığı 1,3 m olan divar birləşir.

Bu inşaat qatında 14R və 15R kvadratlarının qovşağında 98sm x 98 sm ölçülərdə bişmiş kərpicdən hörülmüş sütunun qalıqları aşkarlanıb. Hörgünün üç cərgəsi salamat qalıb.

10S kvadratında aşkarlanan silindrik formalı quyu 3 m dərinliyədək təmizlənib.Onun diametri 85 sm. Quyu tərkibində çoxlu çaydaşı, bişmiş kərpic və ya kərpic fraqmentləri olan yumşaq, narın boz rəngli torpaqla dolu idi. Diqqəti çəkən quyudan aşkarlanan tapıntılar arasında fayans qab nümunələrinin üstünlük təşkil etməsi, hətta demək olar ki, bütöv nüsxənin tapılmasıdır.

IV qazıntı sahəsinin şimal-qərb sektorunda, orta əsr mədəni təbəqəsinin alt inşaat qatında IX-X əsrlərə aid divar qalıqları aşkarlanıb. Onun bünövrəsi çaydaşından qoyulub. Hörgünün aşağı cərgələri cınağı naxış yaradan bəzəkli hörülüb. Hələlik divarın qalıqları 5,3 m uzunluqda izlənib. Daha sonra 3,5 m məsafədə çiy kərpic hörgü davam edir. Divarın qalınlığı 60 sm. Bu divardan 1m aralı diametri ağzında 39 sm, dibində 50 sm olan təndir aşkarlanıb. Təndirin divarlarının qalıqlarının hündürlüyü 40 sm. Təndirin ətrafı bişmiş kərpiclərlə döşənib.

IV qazıntı sahəsindən tapıntılar əmək alətləri, silah, şirsiz və şirli keramika, şüşə qab nümunələri, bəzək əşyaları və mis sikkələrlə təmsil olunub.

V qazıntı sahəsində şəhər qala divarlarına birləşən tağlı tikinti kompleksinin ardını tədqiq etmək məqsədi ilə bu sahə şərqə genişləndirilmişdir. Birinsi tağlı tikintidən ayrılan divarın davamı 10,5 məsafədə tədqiq edilib. Şimal tərəfdə onun hündürlüyü 2,6 metrə çatır.

V qazıntı sahəsindən tapıntılar az saylıdır və əsasən saxsı qab qırıqlarından, əqiq muncuqdan və “xaçdaş” fraqmentindən ibarətdir.

Konservasiya işləri narınqalanın qərb divarının divaradayağında aparılıb.