AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
2012-ci il arxeoloji tədqiqatlarının nəticələri

Şəmkir arxeoloji ekspedisiyası AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə 2012-ci ildə Şəmkir şəhər yerində geniş çöl arxeoloji tədqiqatlarını davam etdirib. Arxeoloji qazıntılar əsasən narınqalada, IV qazıntı sahəsində aparılıb.

Bu qazıntı sahəsi narınqalanın qərb divarınadək genişləndirilmiş və yeni kvadratların əhatə etdiyi sahə 2000 m2-dən artıq, qazıntının ümumi sahəsi isə 4000 m2 olmuşdur. İlk dəfə olaraq Azərbaycanın orta əsr şəhərlərindən birində narınqalanın sahəsinin 40 faizi arxeoloji qazıntı ilə əhatə olunub.
Qarşıya qoyulan məqsəd narınqalanın qərb və şimal divarını içəri tərəfdən açaraq öyrənmək, monumental binanın tədqiqini davam etdirmək, narınqalanın strukturuna dair yeni dəlillər üzə çıxarmaq və s. idi.
Narınqalının şimal-qərb sektorunda, yəni IV qazıntı sahəsinin yeni kvadratlarında arxeoloji qazıntıya qədər mikrorelyef pozulmuş, narlnqalanın qərb divarı və qismən şimal divarı boyunca eni 1,5 m olan xəndək qazılmışdı. Xəndəyin torpağı mədəni təbəqə yatımının üzərinə tökülmüşdü. Nəticədə zolaq şəklində uzanan təpəçiklər əmələ gəlmişdir. Arxeoloji qazıntılara qədər narınqalanın qərb divarının qalıqlarını xəndək qazılmayan hissədə 1,1-1,2 m, xəndək qazılan hissədə 2,1-2,45 m izləmək olurdu. Qazıntı nəticəsində içəri tərəfdə narınqalanın şimal və qərb divarlarının tədqiqinə xüsusi əhəmiyyət verilmişdir. Hazırda narınqalanın şimal-qərb küncündə qala divarının təmizlənmiş qalıqlarının hündürlüyü 5,7 m-ə çatır. Narınqalanın şimal və qərb divarlarının geniş bir sahədə içəridən açılaraq tədqiq edilməsi bu istehkam tikilisinin Arran memarlıq məktəbinin şah əsərlərindən olduğunu faktik dəlillərlə bir daha təsdiqləyə əsas vermişdir.

IV qazıntı sahəsinin yeni kvadratlarında tədqiq olunan üst mədəni təbəqə XIX əsrə aid olub qalınlığı 50-80 sm təşkil edir. Bu mədəni təbəqədə bünövrəsi çaydaşından qoyulmuş tikintilərin qalıqları, daş topaları, dirək qalıqları, quyu və s. aşkarlanıb. Arxeoloji qazıntı prosesində XIX əsrə aid tikinti qalıqları ilk təpkeşdən aşkarlanmağa başlanılmışdır. Üst mədəni təbəqədə 15Q kvadratında 10 sm dərinlikdən aşkarlanan şimal-şərqdən cənub-qərbə istiqamətlənən divar qalığı 14L kvadratının sonunadək davam edir. Çaydaşından hörgünün iki cərgəsi qalıb. Divar qalıqlarının uzunluğu 8,1 m, eni 85 sm-dir. Divarın ortasında 1,1 m enində qapı yeri qeydə alınıb. Qapı yerində üfüqi yerləşmiş ağac qalığı, ola bilsinki, qapının çərçivəsinin çürüntüləridir. Üst mədəni təbəqədə üzə çıxarılan tikinti qalıqları arasında 13P-14R, 11N- 13N kvadratlarını və onların ətrafındakı sahəni əhatə edən, planda dördkünc biçimdə tikili qalığı önəmlidir. Tikili çaydaşından və şəhərgahın ərazisindən toplanan kərpic parçalarından hörülüb. Bu tikilidən şimalda çaydaşından hörülmüş divarın qalıqları 4,6 m izlənib. Hörgünün 4 cərgəsi qalıb. Bu divara cənubdan perpendikulyar birləşən, eni 96 sm olan divar yalnız 2,76 m məsafədə qalıb.

Narınqalanın qərb divarına yaxın, uzunluğu 21 m olan, cənub-şimal istiqamətli çoxotaqlı komleksin qalıqları üzə çıxarılıb. Cənub tərəfində ona şərqdən 15,1 m uzunluqda divar birləşir, elecədə şimal tərəfdə şimala və qərbə doğru divar qalıqları izlənir. Qalıqlar vaxtı ilə kompleksin geniş sahəni əhatə etdiyini ehtimal etməyə əsas verir. Amma, bina güclü dağıntıya məruz qaldığından, divarların bəzi yerlərdə bünövrəyədək dağıldığından onun plan quruluşu, konstruktiv xüsusiyyətləri və təyinatı haqqında fikir söyləmək çətindir.

12F kvadratında üst mədəni təbəqədə bişmiş kərpiclə döşənmiş döşəmə qalıqları üzə çıxarılıb. Onun bir tərəfi çökmüşdü. Çökmüş tərəfin kənarı ilə hündür tərəfin arasındakı fərq kifayət qədər olub 40 sm çatırdı. Döşəmənin kənarında yerləşən, çirkli suyun quyuya axmnasını təmin edən tünglər qırıqlar halında idi. Quyunun ağzının kənarı kərpiclə hörülmüşdü. Görünür, XIX əsrdə burada yuyunma otağı olmuşdur.
Üst mədəni təbəqədən aşkarlanan tapıntılar ənənəvi olub qəlyan başlıqlarından, dəmir məmulatından, ilk növbədə nallardan, mis kasa və qaşıqdan ibarətdir.
Orta əsr təbəqəsinin tədqiqinin nəticələri Azərbaycanın orta əsr şəhərlərinin öyrənilməsi üçün xüsusilə əhəmiyyətlidir. İlk növbədə monumental binanın tədqiqindəki yeni nəticələr üzərində dayanaq. Monumental binanın şərqində 2 saylı otaq döşəməyədək tam tədqiq olunmuş, cənub tərəfində isə 6 və 7 saylı otaqların tədqiqinə başlanılmışdır. Müəyyən edilmişdir ki, 2 saylı otağın divarlarında hörgünün alt cərgələri caydaşı ilə kirəcli məhlulla hörülüb, üst cərgələr isə ciy kərpicdəndir. Daş hörgüdən çiy kərpic hörgüyə keçiddə antiseysmik ağac qurşaqların qalıqları qeydə alınıb. Həmin qalıqların laboratoriyada öyrənilməsi antiseysmik qurşaqlarda diametri 14-16 sm olan palıd tirlərdən istifadə olunduğunu göstərmişdir. Otağın döşəməsi kirəcli qatla örtülmüşdü, şimal tərəfində ərzaq saxlamaq üçün quyu vardır. Quyu ağzınadək nəbatı qalıqlar ilə dolu idi. Nəbatı qalıqların mikroskop altında analizi onun darı olduğunu müəyyənləşdirməyə imkan vermişdir.

Monumental binanın cənubunda yerləşən 6 və 7 saylı otaqların tədqiqi başa çatnayıb. 6 saylı otaqda döşəmə hələ üzə çıxarılmasa da divarları xeyli təmizlənmişdir. Təmizlənmiş divarların hündürlüyü 3,3 m təşkil edir. Daş hörgü şərq, cənub və qərb divarlarında 50-60 sm hündürlükdə təmizlənib. Amma, cənub divarda təmir aparıldığından şərq tərəfində 1,5 m məsafədə daş hörgünün hündürlüyü 1,9 m-ə çatır. Daş hörgüdən çiy kərpic hörgüyə keçiddə antiseysmik qurşaqlar yerləşdirilib.

Qazıntılar nəticəsində binanın sütunlu həyəti haqqında maraqlı faktlar üzə çıxarılmışdır. Həyətin uzunluğu 24,9 m-25,1 m, eni isə şimalda 14,9 m-dir. Müəyyən edilmişdir ki, həyətin şimal divarından 2, 73 m aralı 12 F kv-tında başlanan 7 saylı sütunadək davam edən arakəsmə divar həyətin bir tərəfini kəsərək bir növ dəhlizə bənzər, eni 3,3 m olan məkan əmələ gətirib. Arakəsmə divar yuxarıya doğru daralır və 2,7 m hündürlükdə bu daralma 60 sm fərq edir. Monumental binanın həyətinin şimal-qərb küncündə güclü yanğın olmuşdu. Yanğını sənədləşdirən kömür, kül qatının qalınlığı 2 m-ə yaxın idi. Qeyd etmək lazımdır ki, yanğın qatının alt hissəsindən yanaraq kömürlənmiş şaftalı, gavalı, zoğal çəyirdəkləri, xiyar, qarpız tumları da tapılmışdır. Bu tapıntılar monumental binada yanğın ilə müşaiət olunan bu dağıntının yay aylarında, ehtimal ki, avqust – sentyabr aylarında baş verdiyini göstərir. 2 saylı otaqdakı ərzaq saxlanılan quyuya doldurulmuş darının istifadə edilmədən dağıntı altında qalması da buna dəlalət edir. Əgər 2011-ci ildə 3 saylı otaqdan dağıntı qatından tapılmış dəfinəni nəzərə alsaq onda bu hadisənin XI əsrin ilk onilliyində, ola bilsin ki, 1004/1005-ci ilin yayında baş verdiyini söyləyə bilərik.

IV qazıntı sahəsinin qərb hissəsində orta əsr təbəqəsinin tədqiqi XII-XIII əsrin tikintilərinin bünövrəyədək dağıdıldığını nümayiş etdirir. Orta əsr təbəqəsinin üst inşaat qatında çaydaşı, bişmiş kərpic və çiy kərpicdən istifadə etməklə qarışıq hörgü üslubunda inşa olunmuş divar qalıqları üzə çıxarılıb. Onların güclü dağıntıya məruz qalması tikintilərin plan quruluşunu, konstruktiv xüsusiyyətlərinin və təyinatını dəqiq müəyyənləşdirməyə imkan vermir. 16N, 15N və 15P kvadratlarında yerləşən, çaydaşı və bişmiş kərpicdən inşa olunmuş tikintinin yalnız şimal və şərq divarlarını təmsil edən bir cərgə hörgüsü qalıb. Bu tikintinin cənub-şərq küncündən 60 sm aralı 23x23x5 sm ölçülü bişmiş kərpiclərlə hörülmüş sütunun qalıqları yerləşir. Hörgünün 8 cərgəsi salamat qalıb. Sütundan cənubda, demək olar ki, tam dağıdılmış tikintinin divarının qalıqları qeydə alınıb.
12M-16M kvadratlarında şimaldan cənuba uzanan qarışıq hörgülü divar qalıqları üzə çıxarılıb. Bişmiş kərpic, çaydaşı və müəyyən qədər də çiy kərpiclə hörülmüş bu divarın qalıqların 17,8 m-dən artıq məsafədə üzə çıxarılıb. Müəyyən olunmuşdur ki, bişmiş kərpic və çaydaşı ilə hörülmüş bu divarda təmir işləri ciy kərpiclə və kobud aparılmışdır.
Tədqiqat zamanı həm də şəhərin çiy kərpiclə inşa olunan mülki tikintilərin hörgüsündə bişmiş kərpiclə qurşaq salmaq ənənənsinin mövcudluğu müəyyən edilib. Şərqdən qərbə istiqamətlənmiş, 11S kvadratında narınqalanın qərb divarına birləşən tikintinin bünövrəsi çaydaşından, divarları isə çiy və bişmiş kərpiclərdən hörülüb. Nisbətən yaxşı qalmış divarın eni 64 sm, qalıqlarının uzunluğu 8,1 m-dir. Hörgünün aşağı ilk cərgəsi bişmiş kərpiclə, sonrakı 9 cərgəsi ciy kərpıclə horülüb. 10-cu cərgə bişmiş kərpiclə icra olunub və bir növ qurşağı xatırladır. Görünür, belə bir qurşaq hörgünün möhkəmliyini, davamlığını artırırdı. Bu qurşağın üzərində isə 17 cərgə ciy kərpic hörgü vardır.
Orta əsr mədəni təbəqəsinin üst inşaat qatında çiy kərpicdən inşa olunan tikinti qalıqlarında kərpiclərin ölçüləri kiçik olması, bişmiş kərpiclərə oxşar, yəni 23x23x5 sm, 24x24x5 ölçülərdə hazırlanması və hörgünün üfüqi və şaquli aparılması ilə divar səthində bəzək salınması ilə diqqəti çəkir.

6Q kvadratında qeydə alınmış ocaq sıradan çıxmış və torpağa basdırılmış təsərrüfat təyinatlı qabın alt hissəsindən düzəldilməsi ilə maraq doğurur.
2012-ci ildə Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş tapıntılar əmək alətlərindən, ox ucluqları ilə təmsil olunan silah nümunələrindən, şirli və şirsiz saxsı, fayans qablardan və onların fraqmentlərindən, şüşə qab qırıqlarından, bəzək əşyalarından, sikkələrdən və nəbati qalıqlardan ibarətdir.
Maraqlı tapıntılar sırasında silindrik formalı fayans vazanı, minai tipli və zərnaxışlı qab nümunələrini, nəbati naxışlı, üzəri təsvirli yaşıl şirli kaşıları, orijinal quruluşu ilə fərqlənən şüşə qab nümunəsini, arakəsmə divarla ikiyə bölünmüş iri tutumlu şirli qazanı, ağacdan hazırlanmış, üzəri çevrələrlə bəzədilmiş əşyanın hissəsini, şahmat oyununda istifadə olunan piyada fiquru qeyd etmək olar.
Beləliklə, 2012-ci ildə aparılan çöl tədqiqatları nəticəsində Orta əsr Şəmkir şəhərinin istehkamlarına, monumental ictimai binalarına, şəhər məişətinə dair çox quiymətli informasiya əldə olunub. Arxeoloji qazıntılardan tapılmış nəbati qalıqlar və osteoloji qalıqlar şəhərin kənd nahiyəsi ilə əlaqəsi baxımından böyük əhəmiyyət kəsb edir. Xeyli səlcuqlu keramikasının aşkarlanması Böyük Səlcuqlar dövlətinin mühüm mərkəzləri olan Rey və Kaşan şəhərləri ilə sıx iqtisadi-mədəni əlaqələri təsdiqləyən maddi dəlildir.
Şəmkir arxeoloji ekspedisiyanın fəaliyyətinin mühüm istiqamətlərindən biri konservasiya işləri ilə bağlıdır. Qazıntı zamanı üzə çıxarılan, uçmaq təhlükəsi olan tikililərin, o cümlədən Narınqalanın şimal və qərb divarlarında, monumental binanın otaqlarında, elecədə narınqalanın şimal-qərb bürcündə möhkəmləndirmə - konservasiyasıya işləri görülmüşdür.